Vəfa Quluzadə:"Türkiyə heç vaxt açıqlaya bilməz ki, hansı səbəbdən Ermənistanla sərhədləri indi açmaq istəyir"
Türkiyə-Ermənistan sərhədləri ətrafında yaranan qalmaqalal
Azərbaycanı necə təsirləndirə bilər? Türkiyənin bu niyyətini necə izah etmək
olar? Bu sualları Sevinc Osmanqızı müstəqil politoloq Vəfa Quluzadəyə
ünvanlayıb.
10 aprel, 2009
- Vəfa müəllim, nəyə görə Türkiyə,
elə Hillari Klintonun simasında Amerikanın özü də təkid edirdilər ki,
Prezident İlham Əliyev Türkiyədəki görüşdə iştirak etsin? Prezident Əliyevin
iştirak edib-etməməsi ilə nə baş verməli idi və baş vermədi?
- Birincisi, mən dəqiq deyə bilmərəm ki, Prezident
İlham Əliyevin Türkiyədəki görüşdə iştirak etməsinə Obama və Hillari Klinton
təkid edirdi. Məsələ burasındadır ki, əgər cənab Obama İlham Əliyevi görmək
istəyirsə, onu ölkəsinə dəvət etsin, istədiyi məsələləri müzakirə etsin
və bununla da iş bitsin. Türkiyədəki tədbir adi tədbirlərdən biri idi.
Mədəniyyətlərə, sivilizasiyalara,heç siyasi məsələlərə də bunun aidiyyatı yoxdur.
Bu tədbir cənab Obamanın müsəlman aləminə müsbət mesajlar göndərməsinə görə
çağrılıb. Yəni o, Buş dövründə Amerikanın müsəlman aləmi ilə korlanmış
əlaqələrini bir qədər düzəltsin. Oraya gələn bütün nümayəndə heyətlərinə
dövlət başçıları rəhbərlik etməyib. Dəvət olunan ölkələr müxtəlif səviyyələrdə
təmsil olunublar. Buna görə də Azərbaycan Prezidenti özünün müxtəlif
səbəblərinə görə oraya gedə də bilirdi, getməyə də. Əsas odur ki,
Azərbaycanın nümayəndə heyəti orada iştirak edib. Azərbaycan-Türkiyə əlaqələrinin
pozulması haqqında danışıqların yeri yoxdur. Əlaqələr də qalır, dostluq da.
Oraya getməməkdə İlham Əliyevin yəqin ki, öz səbəbləri var idi.
- Türkiyə mətbuatına inansaq, bu, Türkiyənin
Ermənistanla sərhədləri açmasına etirazın nümayişi idi. Bu, belədirmi?
- Azərbaycanın Ermənistanla sərhədlərin açılmasına
etiraz etməyə haqqı var. Ona görə ki, Ermənistan düşməndir, təcavüzkardır,
Azərbaycan torpaqlarını işğal edib. Türkiyə həmişə deyib ki, Azərbaycanın işğal
olunmuş torpaqları geri qaytarılmayanadək Türkiyə Ermənistanla sərhədləri
açmayacaq. Amma indi nədənsə Türkiyə birdən-birə sərhədləri açmağa niyyət
edir. Doğrudur, hələlik bu məsələ tam həll olunmayıb. Həm Ərdoğan,
həm də Abdullah Gül bəyan ediblər ki, Ermənistanla sərhədlər hələ açılmayacaq.
Eyni zamanda əgər sərhədlər açılırsa, deməli, dünyada və siyasətdə nəsə baş
verir. Bunları təhlil etmək və müzakirə etmək lazımdır. Mən həmişə Qafqazdakı
vəziyyəti müzakirə edəndə əvvəlcə Rusiyanı müzakirə etməyi təklif edirəm.
Çünki Qafqaz həmişə Rusiyanın malikanəsi olub və orada baş verənlərdə onun
iştirakı olur.
- Rusiyanın özü də bu sərhədlərin açılmasını istəmir.
Ilk növbədə enerji məsələsinə görə. Türkiyə ilə Ermənistanı blokada
şəraitində olmasından o qazana bilir.
- Birincisi tələsməyək. Yasınızdadırsa, İstanbul
sammiti çağrılmışdı 1999-cu ildə. Qarabağ məsələsi sammitin gündəliyində idi.
Amma sammitin başlanmasına 15 gün qalmış Ermənistan Parlamenti açıq
televiziyada güllələndi. Baş nazir, spiker. Buna görə də gözləyək görək bu
sərhədlər açılacaqmı? Sərhədlərin açılması Rusiyanın xeyrinə deyil, İranın
üçün isə tamamilə zərərlidir. Çünki Türkiyə Ermənistan bazarına gəlsə
İran oradan çıxmalıdır. Türkiyə məhsulları daha keyfiyyətlidir. Buna görə də
Türkiyə-Ermənistan əməkdaşlığına İran etiraz edir. Iki region ölkəsi bunu
istəmir. Rusiyanın mövqeyi olmadan Qarabağ məsələsi İstanbul sammitinin
gündəliyindən çıxarıldı. Amma indi vəziyyət dəyişib. Hazırda dünyada tüğyan
edən siyasi-iqtisadi-maliyyə böhranı ən böyük zərbəni Rusiyaya vurub. O,
Rusiyanın planlarını pozmuşdur. Belə ki, Rusiya ordusunu yenidən silahlandırmaq
istəyirdi, buna isə trilyonlar tələb olunur. Rusiya özünü inandırmışdı ki,
neftin bir barrelinin qiyməti 500 ABŞ dollarınadık qalxacaq. Nüvə silahlarını
yenidən inkişaf etdirmək istəyirdi. Bu planlar puç oldu. Üstəlik
sosialist sistemi, dağılıb, kapitalist sistemi yoxdur, ümid etdikləri neftlə
qazın qiymətləri də aşağı düşməkdə davam edir. Buna görə də Rusiyanın regiondakı
rolu sarsılıb. Bu səbəbdən Amerika Türkiyəyə önəm verir. Türkiyə regionun ən
güclü dövlətinə çevrilir. Biz də gözləməliyik. İlham Əliyev Təhlükəsizlik
Şurasının iclasında yaxşı söz dedi. O, dedi ki, biz iki dövlət arasında
münasibətlərə müdaxilə edə bilmərik. Hadisələri izləyəcəyək bə
baxacağıq baş verənlər Azərbaycana xeyir və ya ziyan gətirəcək.
Amma Azərbaycan Türkiyə ilə də əlaqələri pozmağa hazırlaşmır.
- Yəqin ki, Türkiyə bunları götür-qoy etdikdən sonra
bu niyyətə gəlib və biz hələ keçən ilin sentyabrında Yerevandakı futbol
yarışlarında bunu düşünürdük ki, bu konsepsiyanın bir ucu da
sərhədlərin açılmasına gətirib çıxara bilər. Sərhədlərin açlılması ilə Türkiyə
nə qazanmış olur? Nəyə görə Azərbaycanla olan əlaqələrini belə zərbə altında
qoyur?
- Əgər biz qlobal, geosiyasi məsələləri kənara qoyub
emosional yanaşsaq buna bəli, biz pərişan ola bilərik. Bizim qardaş Türkiyə
düşmən Ermənistanla sərhədləri açır və onunla əməkdaşlığa başlayır. Amma yenə
də deyirəm qlobal yanaşmaq lazımdır bu işə. Türkiyənin regional güclü dövlətə
çevrilməsi prosesi gedir. Amerika nə Əfqanıstanda, nə İraqda, nə də
Yaxın Şərq ölkələrində tək başına siyasət yürüdə bilmədi. Buşun siyasəti
məğlubiyyətə uğradı. O, düşdüyü bataqlıqdan çıxa bilmir. Amerikanın dəstıyi ilə
Türkiyə regional güclü dövlətə çevrilir. Buna görə də biz Türkiyəyə əvvəllərdə
olduğu kimi baxmamalıyıq. O zaman Türkiyə özünü regional güc kimi göstərmirdi.
Türkiyə NATO-nun üzvü idi və onun dediklərini edirdi. Indisə Amerika Türkiyəyə
azadlıq verir. Iranla əlaqələri Türkiyəyə tapşırır. Müsəlman ölkələrinə
mesajları Obama Türkiyədən verəcək. Yəni müsəlman aləmində Türkiyənin rolu
artacaqdır.
- Obamanın münaqişə ilə bağlı sözlərindən biri də bu
idi ki, Türkiyə Qarabağ münaqişəsində öz vasitəçilik rolunu artırmalıdır. Siz
bu ifadəni necə başa düçürsünüz? Bir tərəfdən Türkiyə bu məsələ ilə bağlı
platforma hazırlayanda Amerika buna qısqanclıqla yanaşmışdı ki, Türkiyə
Minsk qrupunun alternativ hazırlayır? Elə isə Türkiyənin Qarabağ məsələsində
vasitəçilik rolunun artması hansı formada mümkündür?
- Barak Obama məhz indi deyir ki, Türkiyə bu işdə öz
rolunu artırmalıdır. Əvvəllər isə bunu demirdi. Ona görə ki, regionda geosiyasi
vəziyyət dəyişir. Mən həmişə deyirdim ki, regionda vəziyyət və qüvvələr tənasübü
dəyişməsə, Qarabağ məsələsi həll olunmayacaq. Abstrakt bir fikir söyləyək.
Tutaq ki, Rusiya bu böhrandan qalib çıxdı, yenidən öz odusunu
silahlandırmağa, nüvə gücünü möhkəmləndirməyə başladı. Bu halda Dağlıq Qarabağ
məsələsi heç vaxt həll olunmayacaq. Azərbaycan da digər respublikalarla
birlikdə yenidən Rusiyanın tərkibinə qayıdacaq. Amma bu variant
qeyri-real görünür. Başqa variant odur ki, Rusiya böhran nəticəsində zəifləyir
və Amerikanın kiçik partnyoruna çevrilir. Rusiya NATO-ya daxil olur. Bu zaman
o, heç bir münaqişəni saxlamaq marağında olmayacaq. Gürcüstanda, Dağlıq
Qarabağda, Dnestryanı bölgədə baş verənlər onu maraqlandırmayacaq.Rusiya başqa
Rusiya olacaq. Yalnız o zaman bu məsələlər həll olunacaq. Bu baxımdan
Türkiyənin imkanları artacaq. Barak Obama bunları nəzərə alaraq Türkiyənin
regionda rolunu artdığını bildirir. Minsk qrupu simvolik bir qurumdur,
Amerika və Fransa burada simvolik olaraq iştirak edirlər. Bu məsələni Rusiya
özü yaradıb, amma gəlib guya ki, Fransa və Amerika ilə birgə bu məsələnin həlli
üzərində işləyir. Bütün siyasətçilər bilirlər ki, Minsk qrupu yalnız
immitasiyadır. Müharibənin yenidən başlanmamsı üçün belə bir görüntü yaradılır
ki, BMT-nin tapşırığı ilə iş gedir.
- Türkiyəni münaqişənin həllində vasitəçiliyini Amerika
ciddi qəbul edirmi?
- Amerikanın ciddi niyyətləri vardır ki, onları həyata
keçirə bilmir. Məsələn, Amerika İraqda, Əfqanıstanda öz niyyətlərini həyata
keirə bilmir. Qeyri-stabil qalır. Amerikanı çox da şişirtmək lazım deyil
.Amerika Birləşmiş Ştatları dünyada ən güclü dövlətdir, amma onun da imkanları
sərhədsiz deyil. Regionda olan qüvvələr nisbəti, böhranın nəticələri
Amerikadan asılı deyil. Nəyə gətirib çıxaracaq bu böhran? Mən hesab edirəm ki,
Qərb daha da güclənəcək. Qərbdə olan yararsız strukturlar çəkilir kənara, o
biri strukturlar isə daha da güclənir. Rusiyada belə güclü strukturlar
ortalıqda yoxdur. Ümidlər neft və qaza idi. onların da qiymətləri isə
qalxmayacaq. Ötən yayda bu rəqəmlər süni olaraq şişirdilmişdi. Ona görə də
Rusiya böhrandan çıxa bilməyəcək.
- Vəfa müəllim, Siz Ermənistanla Rusiya arasında
bartet elementlərini görürsünüzmü?Məsələn Türkiyə sərhədləri açdığıı təqdirdə Ermənistan
soyqırım məsələsini gündəmdən çıxarır. Belə bir barterin konturlarını
görürsünüzmü və onun nə dərəcədə reallaşmaq imkanları var?
- Ermənistan heç bir zaman erməni soyqırımı məsələsini
ortalığa qoymaq iqtidarında olmayıb. Bunu Amerika administrasiyası vasitəsi ilə
edən erməni lobbisidir. Ermənistandan heç bir şey asılı deyil.
- Aydın məsələdir ki, Ermənistan və Türkiyə
komissiya yaratsalar, erməni soyqırımı məsələsi konqressdən və digər
parlamentlərdən çıxarıla bilər.
- Faktiki olaraq Obama Abdullah Gülü dəstəklədi. Gül
dedi ki, Ermənistan və Türkiyə alimlərindən ibarət komissiya yaradıla bilər
ki, 1915-ci ildə baş verənləri araşdırıb bir qərar verə bilsin. Onların
verdiyi qərarla Türkiyə razılaşacaqdır. Bu, Türkiyəni qane edən mövqedir.
Obama da bunu dəstəkləyirdi. Ermənistanın burada heç bir rolu yoxdur. Söhbət
Ermənistanın NATO ölkəsinin təsiri altına düşməsindən gedir. Indiyədək
Ermənistan silah baxımından tamamilə Rusiyanın təsiri altında idi, ərzaq
və digər məhsullar baxımından İranın. Türkiyə buraya gəldikdən sonra sözsüz ki,
vəziyyət dəyişir. Ermənistan da dəyişməlidir.
- Mən Obamanın "Çikaqo tribun" qəzetinin
müxbirinin sualına verdiyi cavabı göstərmək istərdim. O, deyib ki, mənim
sözlərim dəyişməyib, mənim dediklərimi hamı bilir, fikrim dəyişməyib. Indi
diqqəti mənim fikirlərim üzərində deyil, Türkiyə və Ermənistan xalqlarının
üzərində cəmləşdirərdim. Yəni Obama səfər zamanı soyqırım kəlməsini işlətmədi,
amma onun dedikləri Prezident kampaniyasında verdiyi vədlərə yaxındır. Bu, sizi
qorxutmurmu?
- O, dedi ki, Barak Obamanın nə düşündüyü önəmli
deyil, önəmli Türkiyə və Ermənistanın gəldiyi razılıq olacaq. "Obamanın
dedikləri önəmli deyil" deməklə faktiki olaraq o, dediklərinin üstündən
xətt çəkdi. Yəni vədimi yerinə yetirsəm də yetirməsəm də, bunun heç bir
əhəmiyyəti yoxdur. Amerikanın soyqırımı tanıyıb tanımamasının əhəmiyyəti
yoxdur. Önəmli olan bəyanatdır. Pessimistlər deyirlər ki, Obama
dediyindən geri çəkilməyib. Çəkilə də bilməz.
- Mən bunu erməni saytlarında oxumuşam. Onun bu
fikrini alqışlayırlar ki, mən əvvəl nə düşünürdümsə indi də düşünürəm.
- Düşmən saytlarının başqa çıxış yolu yoxdur. Onlar
mənim kimi bunu şərh edə bilməzlər. Obama öz adını çəkərək bildirdi ki, Barak
Obamanın nə düşünməsinin heç bir əhəmiyyəti yoxdur.
- Yəni mən fikrimi dəyişməmişəm, amma bunun əhəmiyyəti
yoxdur.
- Bu, o deməkidir ki, Amerika soyqırımı Barak Obamanın
dilindən eşitməyəcək.
- Bunlar Amerikanın baş altına yastıq
qoymaq siyasətinə bənzəmirmi? Qarşıdan 24 aprel gəlir.
- 24 aprel çox olub, yenə də olacaq. Yığışacaqlar ,
erməni soyqırımı haqqında hay-küy saslacaqlar, bununla da məsələ bitəcək.
- Necə bilirsiniz Ermənistan tərəfi hətta razılığa
gələrsə, inanmaq olar ki, təkcə sərhədlərin açılmasına görə Ermənistan bunu
gündəlikdən çıxara bilərmi?
- Mən onları tanımıram, başa düçə bilmirəm ki, siz
niyə onu tanıyırsınız? Ermənistan Rusiyanın marionetkasıdır, forpostudur,
quberniyasıdır. Rusiya Dumasının spikeri Qrızlov Ermənistanı forpost adlandırıb
və ermənilər bundan inciyiblər. O, müstəqil olmayıb heç vaxt. Bəlkə
Türkiyə əlaqələr qurduqdan sonra Ermənistan müstəqil dövlətə çevrilə bildi.
Indi isə Ermənistanın ideoligiyası siyasəti Moskvada mənim işlədiyim Xarici
İşlər Nazirliyində hazırlanır və hazır şəkildə onlara verilir. Mən bunun
şahidi olmuşam dəfələrlə. Amerikalı Jerar Levaredyan amerikalı gəlib
danışıq aparanda sevindim ki, amerikalı müstəqil fikirlər söyləyəcək.
Sonra gördüm ki. yox, o, Primakovun dediklərini təkrar edir. Yəni Ermənistanın
Xarici İşlər Nazirliyində işləyib Moskvanın dediyini etməmək mümkün deyil. Ona
görə də hələlik Ermənistan Moskvanın forpostudur və ondan heç bir şey gözləmək
lazım deyil.
- Türkiyənin sərhədləri açmaq niyyəti belə
Azərbaycanda şokla, qəzəblə, narazılıqla qarşılanır. Necə bilirsiniz,
illərdən bəri söylədiyimiz bir millətik, iki dövlət fikrini bundan sonra
nəzərdən keçirməliyikmi?
- Buna heç bir xələl gəlməyəcək. Azərbaycanın Türkiyə
ilə əlaqələrini kəsməsini söyləyən adamlar Azərbaycanın düşmənidir.
Türkiyə Azərbaycanın regionda ən böyük dayağıdır. Azərbaycan Türkiyədən nə
qədər incisə də, bu, onun öz işidir. Amma Türkiyə ilə əlaqələri Azərbaycan
sındıra bilməz. Azərbaycan bundan uduzar. Doğrudur, Ermənistanla sərhədlərin
açılması bizim üçün zərbədir, amma Türkiyə ilə əlaqələri korlamaq ondan da
betər zərbədir. Biz nəyə görə özümüzə ikiqat zərbə vurmalıyıq? Biz Türkiyə ilə
əlaqələri pozmamalıyıq, Ermənistan-Türkiyə münasibətlərini izləməliyik. Bu
əlaqələrdə ziyanlı element görəndə bu barədə ucadan danışmalıyıq və Türkiyəni
günahlandırmalıyıq. Amma əksinə olanda bunu alqışlamalıyıq. Yenə də deyirəm
Ermənistan Rusiyanın bir hissəsidir, amma Türkiyə NATO dövlətidir. Amerikanın
müttəfiqidir. Rusiya bu saat antiamerikan siyasəti aparır. Hətta böhranın
yaranmasında Amerikanı cuçlayaraq bildirir ki, bu böhranı Amerika yaradıb ki,
Rusiyanı darmadağın etsin. Rusiya Ermənistanın NATO ölkəsi ilə əlaqələri bərpa
etməsini istəmir. Ermənistan çox pis vəziyyətdədir. Iqtisadi baxımdan dağılır,
çökür. Rusiya onun tam çökməsini də istəmir. Rusiya fikirləşir ki, Türkiyə
Ermənistana bir qədər kömək etdikdən sonra onu yenidən öz tərəfinə çəksin,imkan
verməsin ki, Ermənistan -Türkiyə əlaqələri möhkəmlənsin və sonda
Ermənistan Azərbaycan və Gürcüstanla bərabər NATO-ya daxil olsun və Rusiya
qalsın tək. Bizim ictimaiyyət bir çox aspektləri nəzərə almır. Çünki bütün
Azərbaycan xalqı professional siyasətçi deyil. Bizim borcumuz isə
bu reallıqları onlara çatdırmaqdır.
- Yəni bu addımın arxasında biz Türkiyənin əsas
götürdüyü maraqları nəzərə almalıyıq, bağışlamalıyıq, yoxsa hesabat
istəməliyik, necə bilirsiniz?
- Mən hesab edirəm ki, Türkiyənin bizm bağışlamağımıza
ehtiyacı yoxdur. Çünki Türkiyə haqq iş görür.
- Hesabat istəməliyikmi?
- Biz ondan hesabat istəyə bilmərik. Ilham Əliyev dedi
ki, biz iki dövlətin əlaqələrinə qarışa bilmərik. Bu, həqiqətdir. Üstəlik
Türkiyə heç vaxt dünyaya açıqlaya bilməz ki, hansı səbəbdən Ermənistanla
sərhədləri indi açmaq istəyir. Bu sərhədlərin açılmamasına gətirib çıxaracaq,
Rusiya və ya başqa dövlətlə əlaqələrin korlanması ilə nəticələnəcək.
Bilirsiniz, bir gözəl ifadədə deyilir ki, dil diplomata ona görə verilib ki,
fikirlərini gizlətsin. Ona görə də Türkiyə diplomatiyası bu dəqiqə dünyaya
açıqlaya bilməz ki, nə səbəbə görə Ermənistanla əlaqələri düzəldir. Bu barədə
yalnız siyasi analitiklər danışırlar.
- Siz hesab edirsiniz ki, əgər Türkiyə Ermənistanla
sərhədlərin açılmasını ciddi müzakirə edirsə, bir masa arxasına əyləşirsə,
orada Azərbaycan olmamalıdır?
- Mən hesab edirəm ki, Türkiyə
düşmən Ermənistanı dost Ermənistana çevirmək istəyir. Bu, pis deyil, yaxşıdır.
Ermənistan türklərin dostuna çevriləndən sonra regionda bizim heç bir
problemimiz olmayacaq.
- Uzun illər boyu Türkiyə deyib ki, münaqişə həll
olunmayanadək sərhədlər açılmayacaq.
- Təkrar edirəm ki, Ermənistanın bütün mövqeləri
Moskvada yazılıb. Ermənistanın özünün nə siyasəti, nə də
diplomatiyası var. Yazıq bir koloniyadır.
- Amma söhbət Türkiyədən gedir.
- Türkiyə də istəyir ki, bu koloniyalıqdan çıxsın,
normal dövlət olsun. Bundan sonra sülh Ermənistana hava və su kimi lazımdır.
Levon Ter-Petrosyan əsl millətçidir. Erməni millətçisidir. O, məcbur oldu
etiraf etsin ki, Ermənistan sülhə nail olmasa dövlət çökəcək və artıq çökməkdədir.
Ona görə də mərhələli sülhü Levon Ter-Petrosyan təklif etdi və buna görə də
cəzalandırıldı, Rusiya tərəfindən vəzifəsindən götürüldü. Köçəryanı Rusiya
Dağlıq Qarabağa canişin kimi qoymuşdu də Levon Ter-Petrosyanı götürdükdən
sonra onun yerinə oturtdu. Az qalmışdı Köçəryanı da vəzifədədn götürsün.
Köçəryan Heydər Əliyevin təsiri altında İstanbulda güzəştli sülhə imza atmaq
istəyirdi. Bunun əleyhinə olan Rusiya bu sülhü darmadağın etdi. Ona görə də siz
Ermənistanı regionda şişirdilmiş bir qüvvə kimi qələmə verməyin.
- Məsələ burasındadır ki, Türkiyənin regionda vacib
vasitəçilik elementlərindən biri Amerikadırsa, o biri tərəfdən Rusiyadır.
Türkiyə bu addımları onunla məsləhətləşərək atır. Əgər Rusiya sərhədlərin
açılmasını istəmirsə, nəyə görə Türkiyə bunun ardınca gedir?
- Mən hesab edirəm ki, Türkiyə müstəqil dövlətdir.
Onun müttəfiqi Amerika Birləşmiş Ştatları və NATO-dur. Bunlar da son zamanlarda
Rusiya ilə hesablaşmır. Yuqoslaviya darmadağın olanda Rusiya səs-küy saldı,
lakin heç nə edə bilmədi. Əfqanıstana daxil oldu, Rusiya nə qədər etiraz etsə
də, Amerika İraqa zərbə vurdu. Amerika heç kimlə hesablaşmır.
- Vəfa müəllim, çox sag olun.
- Siz də sağ olun.









Şərh yazın